“Valyuta tənzimi haqqında” qanunun tətbiqi ilə bağlı – FƏRMAN

OXUNUB: 189 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. 

İcmal.Az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qeyd edilən Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

2. Müəyyən edilsin ki:

Fərmana əsasən müəyyən edilir:

- "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsində, 13-2.5-ci və 13-10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

-  həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində və 13-1.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

- həmin Qanunun 13-1.2.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

- həmin Qanunun 13-11.1-ci maddəsində "rəsmi dövri mətbu nəşr” dedikdə "Azərbaycan” və "Xalq qəzeti” qəzetləri nəzərdə tutulur;

Həmin Qanunun 13-10.1-ci maddəsində nəzərdə tutulmuş girov vəsaitinin məbləği:

- Bakı şəhərində 50000 (əlli min) manat və 50000 (əlli min) ABŞ dolları;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25000 (iyirmi beş min) manat və 25000 (iyirmi beş min) ABŞ dolları;

- bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulan inzibati ərazi vahidləri istisna olmaqla, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10000 (on min) manat və 10000 (on min) ABŞ dollarıdır.

Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına üç ay müddətində aşağıdakı normativ xarakterli aktları qəbul edib həmin aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.

Həmçinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 

- "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, valyuta əməliyyatlarının aparılması qaydasını;

- həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydasını;

- həmin Qanunun 13-1.1-ci maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizənin formasını;

- həmin Qanunun 13-9-cu maddəsinə uyğun olaraq, valyuta mübadiləsi fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını;

- həmin Qanunun 13-10.4-cü maddəsinə uyğun olaraq, girov vəsaitinin geri alınmasına dair rəyin formasını;

3.2. valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydasında valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərini, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərini, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi əraziləri, habelə həmin Qanunun 13-1.2.9-cu maddəsində nəzərdə tutulan təsdiqedici sənədlərin siyahısını müəyyən etməlidir;

Fərmana əsasən, yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla, onlara aid inzibati ərazi vahidlərinin ərazilərində valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlər üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq yerlərin ayrılmasını bir ay müddətində təmin etmək tapşırılır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

 

İcmal.Az

RƏYLƏR