Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi
üzrə qazisi, "seyidlik” vəsiqəsi verən, bu səbəbdən də geniş ictimaiyyət tərəfindən
qınanan Hacı Mirqiyas Təhməzovun Masallı rayon Yol Patrul Xidmətinin əməkdaşı
olan oğlu Mirxas Təhməzov barədə Respublikanın Birinci Vitse-Prezidenti
Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.
İCMAL.azxəbər verir ki, Masalı
rayonu, Boradigah qəsəbə sakini Fərid Nağıyev tərəfindən ünvanlanan müraciətdə
şikayətçi 5 mart 2017-ci il tarixdə, saat 11-30 radələrində Masallı – Yardımlı
yolunda (Ərkivan qəs. ərazisində) baş verən qəzadan sonra başına gətirilən
haqsızlıqlardan bəhs edir.
F.Nağıyev bildirir ki, YPX əməkdaşı Mirxas Təhməzov adlı polis zabitinin
qeyri-qanuni təkliflərindən imtina etdiyi üçün, özü və ailəsi Polis İdarəsində
təhqirlərə məruz qalıb. Təhqir və təzyiqlərə dözməyən F.Nağıyev olanlarla bağlı
DİN-in "102” xidmətinə, həmçinin rayon prokurorluğuna məlumat etsə də işə
obyektiv baxılmadığını, əksinə rayon məhkəməsinin qərarı ilə qardaşı Xəyal
Nağıyevin 10 gün həbsdə yatdığını iddia edir.
F.Nağıyev təzyiq və təhdidlər qarşısında - qardaşının daha ağır maddələrlə
uzunmüddətli həbs ediləcəyi hədəsindən ehtiyatlanaraq sonda polisin istədiyi
kimi hərəkət edir. Hadisədən 5-6 gün sonra izahat yazır ki, günahkar özüdür və
qəzanı da onun özü törədib.
Sonra Baş prokurora, daxili işlər və ədliyyə nazirinə ailəlikcə müraciət
ünvanlayırlar. İstəkləri də bu olur ki, haqq və hüquqlarını ayaqlar altına atıb
tapdayan, həyatlarını cəhənnəmə döndərən bu kimi üzdəniraq polis əməkdaşlarının
özbaşına hərəkət və hegemonluğunun qarşısı alınsın, məhkəmə zalında hadisə
şahidlərini dindirmədən, ərazidəki müşahidə kameralarına (həm hadisənin baş
verdiyi yerdə, həm də Polis şöbəsinin inzibati binasında) baxış keçirmədən,
ortada heç bir maddi sübut olmadan qərar çıxaran hakimlər haqda lazımi tədbirlər
görülsün.
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edən Nağıyevlər ailəsi
qanunların hər şeydən uca tutulacağına inanırlar.
İCMAL.az