Rusiyalı "İsgəndər"ə söykənən Sarkisyan...

OXUNUB: 1175 SİYASƏT TƏHLİL
"İsgəndər" Xəzərdəki neft yataqlarına "dirənəndə", Azərbaycan "İslanmışın yağışdan nə qorxusu" deyimini tam haqlı olaraq həyata keçə bilər
XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verəndə, onun bu ağ evinin nə vaxtsa hayların qara niyyətinə qurban gedəcəyini ağlına belə gətirməzdi. Amma həyatda ağla gəlməyənin başa gəlməsi mümkün olduğundan bu, oldu. Daha doğrusu bunu biz özümüz etdik; 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərin əlinə şip-şirin ağ kökə kimi düşdü və onlar Qarabağda hücum əməliyyatlarını genişləndirərək, 23 iyul 1993-cü ildə Qarabağın "ağ damını" qaralayaraq işğal etdilər.

Bütün dünya yaxşı bilir ki, bütövlükdə istər Dağlıq Qarabağın, istərsə də onun ətrafındakı rayonların işğalına əsas səbəb 90-cı illərin əvvəllərində Azərbaycanın daxilindəki ictimai-siyasi çəkişmələr oldu. Məhz, bu şəraitdən özləri üçün "üzü ağ" çıxan qara niyyətli haylar, bütün bu illər boyu yenidən belə münbüt siyasi şəraitin olacağını gecə-gündüz güdürlər. Üstəlik, ara-sıra belə şəraiti süni şəkildə yaratmağa da can atırlar. Məgər, onların Azərbaycan ordusunun cəbhə boyu düzülmüş səngərini qoyub, körpə Zəhranı və onun nənəsini atəşə tutmaları bunu təsdiq etmirmi? Əslində bu, erməni "sərkərdələrinin" düşünülmüş və dəfələrlə təcrübədən keçirilmiş hərbi taktikasıdır. 
Hələ bir neçə il öncə Dağlıq Qarabağın əldədüzəltmə keçmiş "ilk müdafiə naziri" Samvel Babayan öz müsahibələrinin birində açıq bəyan edirdi ki, "Bu gün bizim ön cəbhəmiz onların evlərindən cəmisi 100 metr aralıda yerləşir. Siz təsəvvür edirsiniz, əgər müharibə alovlansa, ola bilsin ilk günlərdə Azərbaycan tərəfinin hansısa uğuru olacaq, amma nəticədə onlar məğlub olacaqlar. Erməni tərəfinin istənilən kiçik uğuru nəticəsində Azərbaycan Evlaxa, Kürə qədər 2-3 milyon qaçqın alacaq. Sonra Azərbaycan hakimiyyəti neft pulları ilə ordunu deyil, qaçqınları yedirəcəklər." (https://www.youtube.com/watch?v=lQyY3HSC7ng)
Baxın, Babayan bu minvalla Azərbaycan ordusu ilə döyüşəcək demir, təmas xəttinə yaxın Azərbaycan rayonları və kəndlərini atəşə tutacaqlarını planlaşdırdıqlarını həyasızcasına etiraf edir. O, düşünür ki, belə olan halda Bakıya üz tutan köçkünlərlə bağlı ölkədə 90-cı illərdəki kimi siyasi qarşıdurmalar yaranacaq və rəsmi Bakı üçün cəbhə nəzarətdən çıxacaq; Qarabağ xəlvətləşəcək və haylar orda bəylik edəcəklər.  
Özünü çoxbilmiş kimi göstərən Babayan, Azərbaycan ordusuna məxsus tankların sayının nə qədər olduğunu desə də, amma o, bu müsahibəsində özü-özünü bu tankların "təkərinə" necə saldığını heç də anlamır. Çünki Samvel,  "...ilk günlərdə Azərbaycan tərəfinin hansısa uğuru olacaq" deyərkən, Qarabağdan baş götürüb İrəvana qaçan hayların orada hansı qarşıdurmalar yaradacağını unudur. 
Digər tərəfdən isə, o, Azərbaycan ordusunun, hakimiyyətin, siyasi partiyaların və xalqının aprel döyüşündə necə birlik nümayiş etdirdiyini və baxışlarının 90-cı illərdəkindən çox-çox fərqli olduğunu anlamır.  
Bu arada, Zəhranı və onun nənəsini öldürmələrinə bəraət almağa çalışan erməni rəsmilər bu olayda "mülki əhalini cəbhəyə yaxın saxlayırlar" - deyə rəsmi Bakını qınadılar. Onların fikrincə Azərbaycan Ermənistanla, eləcə də qoşunların təmas xətti boyu bütün rayon və kəndlərdən əhalini köçürməlidir. Əlbəttə, "Yersiz gəldi, yerli qaç" deyimini nəzərə alsaq, ermənilər bu "gedişdən" düz II əsrdən artıqdır ki, eninə-uzununa istifadə etdiklərindən buna bir növ adət ediblər. Onlar, Azərbaycan ordusu ilə üz-üzə gəlməkdən həmişə yan keçərək, adətləri üzrə güclərini dinc əhaliyə, qadınlara və uşaqlara göstərirlər. 

Bu azmış kimi arxasını Rusiyalı "İsgəndər"ə söykəyən Ermənistan prezidenti S.Sarkisyan, müharibə başlayacağı təqdirdə "gözünü qırpmadan" bu dağıdıcı  raketdən istifadə olunması barədə əmr verəcəyini deyir. Azərbaycanın əsas strateji obyektlərini - neft yataqlarını hədəfə almaları barədə plan cızan ermənilər, bununla bir daha Azərbaycan ordusu ilə qarşı-qarşıya vuruşmaqdan çəkindiklərini, yalnız mülki əhaliyə divan tutmaqda "mahir" olduqlarını sübut etmiş olurlar.  

Amma "İsgəndər"in pultu əlində olan Rusiya rəhbərinin qarşısında hər pozada əyilib-düzəlməyi bacaran Sarkisyan, şübhəsiz ki, Azərbaycan ordusunun Naxçıvanda yerləşdirdiyi raketlərdən xəbərsiz deyil. Əlbəttə, "İsgəndər" Xəzərdəki neft yataqlarına "dirənəndə", Azərbaycan "İslanmışın yağışdan nə qorxusu" deyimini tam haqlı olaraq həyata keçə bilər. Odur ki, Ermənistan prezidenti Naxçıvandan Ermənistan paytaxtına və hətta "Metsamora" "yağa" biləcək raketlərdən gərək xəbərdar olsun. 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
 
 
İcmal.Az

RƏYLƏR