“Renessans Palace”ın rezonanslı kələyi - ŞİRKƏT VƏTƏNDAŞLARI REKLAMLA BELƏ TƏLƏYƏ SALIR

OXUNUB: 2259 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL GÜNDƏM

Reklam insanları könüllü şəkildə müəyyən bir fikrə yönəltmək, diqqətlərini bir məhsula yaxud xidmətə çəkməyə çalışmaq, onunla bağlı məlumat vermək, həmin məhsul haqda fikir və mövqelərini dəyişmələrini və ya müəyyən bir fikri və ya mövqeyi mənimsəmələrini təmin etmək məqsədilə tətbiq edilən vasitədir.


Reklamın əsas xüsusiyyətlərindən biri də onun inandırıcılığıdır. Marketinq şəbəkəsi daxilində bəlkə də ən geniş yeri tutan bu vasitənin məhsul haqda imic və etibar yaradılmasında rolu danılmazdır.

 

 

Müasir dövrdə istehlakçılara maksimum təsir edə bilmək üçün reklamın bir çox parametrlərindən istifadə edilir. Məhsul bəzən yumorla, tanınmış simalarla təqdim edilir. Təəccüblü hadisələr, yüksək həyat standartları, rahatlıq, əmin-amanlıq, yüksək texnologiyalar önə çıxarılır. Bütün bunlar istehlakçıların həmin məhsulları, xidmətləri satın almaq üçün inandırmağa yönəlib. İstehlakçının beyninə məhsulu və onların xüsusiyyətlərini yerləşdirmək, markanı mənimsəmələrini, digər məhsullarla müqayisədə üstünlük verilməsini təmin etmək üçündür.

 



Bəzi reklamlar isə inandırıcı olmaqdan uzaqdır. Ölkəmizdə əsasən tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin apardığı aqressiv reklam kampaniyalarını təhlil edərkən bu qənaətə gəlməmək mümkün deyil.


İstər görüntülü, istərsə də digər reklamlarda istifadə edilən "bəh-bəhli" sözlər bir çox hallarda alıcıların təəssüf hissi ilə nəticələnir.


"Renessans Palace” premium-klass yaşayış kompleksinin son vaxtlar hər gün fərqli platformalarda qarşılaşdığımız reklamlarında ilkin ödənişi 10% yaxud 30% olmaqla mənzil sahibi olmaq təklif edilir. Daha dəqiqləşdirsək, ilkin ödəniş 10%, illik faiz dərəcəsi 10% olan 20 illik ipoteka və ilkin ödənişi 30% olan 2 illik faizsiz kreditlə satışların olduğu istər sosial şəbəkələrdə, istər internet resurslarda, istərsə də radio və televiziya reklamlarında qarşımıza çıxır. Şirkət qeyd edir ki, həmin mənzillərin 1 kvadrat metri 1650-1900 manat təşkil edir.

 



Şirkətlə əlaqə saxladıqda mənzil üçün ofisə dəvət edirlər. Ofisdə isə reklamlardan çox gerçəklər üzə çıxır. Bank xərcləri, sənədləşmə xərcləri və s.

Bir mənzil kreditlə öz real dəyərindən ən az 2-3 dəfə bahaya gəlib çıxır ki, bu da təqdim edilən reklamlardakı çəkiciliyin tam əksini göstərir.


Mütəxəssislərin fikrinə görə isə, bu istehlakçıları normadan artıq borclandırmaq deməkdir. Onları aqressiv reklamlarla şirnikləşdirib mənzil satmaqla iş bitmir. Əlində ilkin ödənişi bir şəkildə cəmləyib mənzil almaq xəyalına düşən hər bir alıcıya həmin şirkətlər konsultasiya da verməlidirlər. Çünki sabah ödəniş qabiliyyətini itirən istehlakçı ödədiyi məbləğdən məcburi şəkildə imtina etməli olacaq. Çünki alıcılar bir çox hallarda imzaladıqları müqavilələrdən xəbərsiz olurlar, yaxud buna səthi yanaşırlar. Nəticədə isə itirən sadəcə alıcı olur. Çünki kredit ödənişlərini edə bilmədiyi halda aldığı əmlak əlində alınır və ona heç nə geri qaytarılmır. Şirkət isə həmin mənzili başqa müştəriyə sataraq iki dəfə pul qazanır.


Nəticədə isə bu gün olduğu kimi mənzili əlindən alınmış, "Əli aşından da, Vəli aşından da olan” yüzlərlə çarəsiz insan ümidsiz şəkildə məhkəmə qapılarını gəzir... /Bakıpost

 

İCMAL.az

RƏYLƏR