Qüsurlu tarix dərsliyi kimə lazımdır?

OXUNUB: 1752 GÜNDƏM SOSİAL TƏHLİL
Tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov 10-cu sinif "Ümumi tarix” dərslik layihəsi ilə bağlı irad və təkliflərini təqdim edirlər:

İctimai rəyə təqdim olunmuş ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün "Ümumi tarix” fənni üzrə dərslik layihəsində şagirdlərə elmi cəhətdən doğru olmayan, hələ də mübahisəli hesab olunan fikirlər həqiqət kimi təqdim olunmuşdur. Dərslik layihəsinin girişində və "İbtidai icma cəmiyyəti” adlanan 1-ci paraqrafındakı (səh. 7-11) elmi cəhətdən doğru olmayan fikirləri elmi ictimaiyyətin və oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.

Dərslik layihəsində səh. 5-də "Giriş”də birinci abzasda "tarixəqədərki dövr” termini müəlliflər tərəfindən uğurlu seçilməmişdir. Bu, sadəcə Avropa dillərindəki "prehistory” sözünün hərfi tərcüməsidir. Tarixi öyrəniriksə, o zaman "tarixəqədərki dövr” lüzumsuz deyilmi? Ana dilimizdə "ibtidai icma tarixi” termini varsa, qondarma terminlərə heç bir ehtiyac yoxdur. Layihədə "tarixəqədərki dövr” anlayışı səh. 6-da "ibtidai icma quruluşu” kimi təqdim olunmuşdur. Belə olan təqdirdə, şagirdlərə "tarixəqədərki dövr” anlayışını təqdim etməyə nə ehtiyac vardı?

Girişdə səhifə 5-də ikinci abzasın sonunda "rəqəmsal mənbələr”dən bəhs olunur ki, müəlliflərin burada nəyi nəzərdə tutduqları məlum deyil.

Həmin səhifədə üçüncü abzasda şagirdlərə Etnoqrafiya və Antropologiya elmlərinin tərifi düzgün təqdim olunmamışdır. Etnoqrafiya ilk növbədə müxtəlif xalqların mənşəyini və etnik tarixini, daha sonra isə maddi və mənəvi mədəniyyətini öyrənir. Antropologiya elmi isə birinci növbədə insanın morfologiyasını (fiziki quruluşunu), mənşəyini və irqi tiplərini öyrənir.

Səh. 5-də dördüncü abzasda il hesabı izah edilərkən şagirdlərə miladi və hicri təqvim barədə məlumat verilir. Mətndə təqdim olunan "İllərin İsa peyğəmbərlə bağlı sayılması "miladi”, hicrətlə bağlı hesablanması "hicri təqvim” adlanır” cümləsindən belə təsəvvür yaranır ki, hicri təqvim İsa peyğəmbərin hicrəti ilə bağlıdır.

Dərsliyin "Qədim dövr” adlanan hissəsində səh. 6-da "Qədim dünya tarixi ən qədim zamanlardan bizim eranın V əsrinədək olan mərhələni əhatə edir” fikri yalnız Avropa tarixi üçün doğrudur. Qeyd etmək lazımdır ki, qədim dünya tarixi əksər Şərq ölkələrində, o cümlədən Çin, İran və Azərbaycanda eramızın III əsrinə kimi davam etmişdir. Qeyd olunan fikir dərsliyin 41-ci səhifəsində birinci abzasda öz əksini tapmış "III–V əsrlərdə Qafqazda köhnə icma qaydaları tədricən dağılmağa başladı” fikri ilə ziddiyyət təşkil edir. Səhifə 6-da ikinci cümlədə "Uzun zaman – iki milyon ildən artıq bir müddətdə insanlar ibtidai icma quruluşunda yaşamışlar” fikri nə dərəcədə doğrudur. Qədim dünya tarixinin eramızın V əsrinə kimi davam etdiyi qeyd edildikdən sonra ibtidai icma cəmiyyətinin iki milyon il davam etdiyi fikrinin yazılmasından belə nəticə çıxarıla bilər ki, eramızın V əsrinə kimi ibtidai icma cəmiyyəti davam etmişdir.

Səh. 6-da ibtidai insanların əmək sayəsində inkişaf etdiyi göstərilir. Əslində isə ibtidai insanlar əmək sayəsində yox, daha çox intellekt nəticəsində inkişaf edirdilər. Bununla da əmək alətləri təkmilləşir və insan əməyi daha da məhsuldar olurdu. Həmin səhifədə "6-7 min il əvvəl ibtidai icma quruluşu dağılmağa başlamışdır” cümləsi yazılmışdır. Həmin cümlə "eradan əvvəl V-IV minilliklərdə ibtidai icma quruluşu dağılmağa başlamışdır” kimi təqdim olunsa daha düzgün olardı.

Səh. 7-də "İbtidai icma cəmiyyəti” adlanan 1-ci paraqrafın ilk abzasında "İbtidai dövrdə bir çox qəbilə və tayfalar ayrı-ayrı heyvanları (ayı, canavar, maral, ilan və s.) öz əcdadları hesab edirdilər” cümləsi yazılmışdır. Burada ayrı-ayrı heyvanları əcdadları hesab etmək inancının totemçilik adlandığı qeyd olunsa daha doğru olardı.

Səh. 7-də "Arxeoloqlar dünyanın müxtəlif yerlərində bir neçə qədim insan növünün qalıqlarını aşkar etmişdilər. Hələlik bu qalıqlar arasında birbaşa əlaqə və keçidi, bir növün başqa insan növünə çevrildiyini göstərən əsaslı sübutlar tapılmamışdır” fikri nə dərəcədə doğrudur. Müəlliflər unudurlar ki, təkamülçü alimlər "bir insan tipinin başqa tipə” keçdiyinin sübutu nəticəsində avstrolopitek – homohabilis – homo erectus – neandertal – homo sapiens mərhələlərini müəyyən etmişlər.

Səh. 7-də dördüncü abzasda "Təxminən milyon il əvvəl ən qədim insanlar Afrikadan Asiya və Avropaya yayılmışlar” fikri elmi cəhətdən doğru deyildir. Çünki son tədqiqatlar insanların 1 milyon 800 min il bundan əvvəl Afrikadan hətta Cənubi Qafqaza da gəldiklərini təsdiq edir. 1999-2001-ci illərdə Gürcüstanda Dmanisidən (1947-ci ilə qədər Başkeçid) tapılan insan qalıqları bunu sübut edir. Azərbaycan tarixindən şagirdlərə bəllidir ki, qədim insanlar Quruçay hövzəsində, o cümlədən Azıx mağarasında 1,8 -1,5 milyon il əvvəl yaşamışlar.

Dərslik layihəsinin birinci paraqrafında müəlliflər fənlərarası əlaqəni tamamilə yaddan çıxardıqlarına görə qədim dövrdə dünyada və Azərbaycanda baş verən hadisə və proseslər arasında heç bir əlaqə yaradılmamışdır.

Səh. 9-da birinci abzasın ilk cümləsi "Buzlaşma dövrü təxminən 12 min il əvvəl başa çatdı” kimi təqdim olunmuşdur. Təqdim olunan dövrləşmə elmi cəhətdən səhvdir. Müəlliflərin qənaətindən belə nəticə çıxır ki, Orta daş dövrünün (Mezolitin) baş-lanğıcını e.ə. 10-cu minillikdən götürmək lazımdır. Əslində isə elmi dövrləşməyə görə bu dövr e.ə. 12 minillikdən hesablanır. 6-cı sinif "Ümumi tarix” və "Azərbaycan tarixi” dərsliklərində də dövrləşmə şagirdlərə bu cür təqdim olunmuşdur.

Səh. 9-da ilk abzasın son cümlələrində Göbəkliktəpə yaşayış məskəninin insanlar tərəfindən tərk edilməsinin Ön Asiyada baş verən mühüm dəyişiklərlə əlaqəli olduğunun ehtimal kimi irəli sürülməsi elmi izahdan çox uzaqdır. İnsanların yaşayış yerini tərk etməsinin səbəbləri aydın deyilsə, onu şagirdlərə çatdırmağa heç bir lüzum yoxdur.

Səh. 9-da ikinci abzasda "Tədqiqatçıların fikrincə, gözü, ağzı və surəti olmayan bu təsvirlər tanrıları əks etdirir” cümləsində "surəti olmayan bu təsvirlər” ifadəsini heç cür anlamaq mümkün deyildir. Görəsən müəlliflər surəti olmayan təsvirlər dedikdə şagirdlərə nəyi anlatmağa çalışırlar?

Səh. 10-da "İbtidai icmalar. Tarixəqədərki dövrün başa çatması” yarımbaşlığında ibtidai icma quruluşunun tarixəqədərki dövr kimi təqdim olunması və onun erkən tunc dövründə başa çatması fikri elmi cəhətdən tamamilə səhvdir.

Səh. 11-də təqdim olunan "İbtidai icma cəmiyyətinin mərhələləri” adlanan sxem çox uğursuz tərtib olunduğu üçün şagirdlər bu sxemi anlamaqda çətinlik çəkəcəklər.

Davamı olacaq.../olke.az
 
 
İcmal.Az

RƏYLƏR