Qəbul imtahanı verən şagirdlərə 10 önəmli - EKSPERT MƏSLƏHƏTİ

OXUNUB: 1300 MARAQLI SOSİAL
Bəzən şagirdlər ali təhsil ocaqlarına imtahan verərkən həyəcanlanır, stress yaşayır, bu isə onların sualları cavablayarkən yalnışlığa yol verməsi ilə nəticələnir. 
Təhsil eksperti Kamran Əsədov şagirdlərə ali təhsil ocaqlarına qəbul imtahanı verərkən on önəmli məsləhətini verib: "Əziz dostlar, imtahanlarda bəzi yazılmayan qanunlar vardır ki, bunları bilmək önəmlidir. Dəyərli abituriyentlər, bu məsləhətlər daha uğurlu nəticə əldə etməyinizə kömək olar".

1. Vaxt və dəqiqlik arasındakı balansı qoruyun
Testləri çox sürətli həll edib, lazımsız, xırda səhvlər etməyiniz heç də yaxşı olmaz. Digər tərəfdən, həddindən artıq diqqətli olub, hər sual üçün də uzun zaman sərf etməyin. Testi düzgün həll etdiyinizə inanırsınızsa, ona yüngülvari göz gəzdirməyiniz yetərlidir.

2. Sualı çox diqqətlə oxuyun
Abituriyentləri ən çox çaşdıran hallardan biri sualı düzgün və ya sonunadək oxumamaq olur. Məsələn, sualın sonundakı inkar şəkilçilərini və ya "yoxdur”, "olmaz”, "deyildir” kimi sözləri nəzərdən qaçırmaqla sualda istənilən şeyin tam əksini axtarırlar ki, bu da sonda səhv cavab tapmaqla nəticələnir.
3. Bir suala həddən artıq çox vaxt sərf etməyin
Testin belə bir qaydası var ki, eyni fənnin suallarının çətinliyi müxtəlif, amma verəcəyi bal eyni olur. Buna görə də çətin bir sual üzərində 10 dəqiqə fikirləşməkdənsə, ondan daha asan olan 3 sualı həll etmək sizə 10 dəqiqədə 3 dəfə çox bal qazandıracaq.

4. Saatla "oynamayın"
İmtahan vaxtı yanınızda mütləq saat olsun, amma siz hər 2 dəqiqədən bir saata baxmayın. Bu, sizin fikrinizi bir yerə cəmləməyinizə mane olacaq. Vaxtı düzgün nizamlayın və zamana nəzarət etmək üçün müəyyən fasilələrlə saata baxın.

5. Cavabalara diqqət edin, yalnışları tez silin
Test suallarının cavablarına baxanda dəqiq görürük ki, bəzi cavab variantları sualın cavabı ola bilməz . Belə cavab variantlarının üstündən dərhal xətt çəkin. Bu, psixoloji olaraq sizə kömək edəcək. Çünki elə olduqda, sualın 5 deyil, məsələn, 2 cavab variantı olacaq ki, bu da sizə seçim etməkdə daha rahat olacaq.

6. Ardıcıl 4 sualın cavabı "A"-dırsa, onları yenidən gözdən keçirin
Bəzən test suallarının cavablarının 2-si və ya 3-ü ardıcıl olaraq eyni variant olur. Bu, normaldır. Amma əgər 4 və ya 5 ardıcıl sualın cavabının eyni variant olduğunu görsəniz, o suallara yenidən göz gəzdirin. Onlardan hansınınsa səhv cavab olduğunu görəcəksiniz. Çünki 4 və daha artıq ardıcıl sualın cavabının eyni variant olması çox nadir hallarda olur.

7. Cavab kartını doldurarkən buna diqqət edin!
Abituriyentlərin cavab kartını doldurduqları zaman üzləşdikləri ən ciddi problemlərdən biri də budur: abituriyentlər doğru cavabları uyğun xanada işarələyib, ortada bilmədiyi bir sualı boş qoyurlar. Növbəti sualın cavabını işarələyərkən isə, o cavabı səhvən əvvəlki boş qoyduğu sualın xanasında işarələyirlər. Vay o haldan ki, bunu tez görməyəsiniz. Bir də baxarsınız ki, 15-20 sualın hər birini bir xana sürüşdürməklə işarələmisiniz. Bu da avtomatik olaraq, həmin 15-20 sualın yanlış cavab olması deməkdir. Bu da imtahan nəticəsinə çox pis təsir edə bilər.

8. Sualları qruplaşdırın
Sual kitabçasında həll etdiyiniz testləri müəyyən bir simvolla işarələyin. Belə olduqda növbəti dəfə həmin səhifəyə baxarkən artıq hansı sualın həll edildiyini, hansının isə hələ qaldığını rahat görəcəksiniz. İşarə olaraq, məsələn həll etdiyiniz testin nömrəsini dairəyə alın; nömrənin qabağına ulduz (və ya sizin üçün rahat olan, öyrəşdiyiniz digər bir simvol) əlavə edin. Şübhəli qaldığınız sulları da başqa bir simvolla işarələyin. Belə olduqda onları qruplaşdırırsınız və bu, sizə rahatlıq yaradır.

9. İlk ehtimal çox zaman doğru olur
Təcrübə göstərir ki, əgər abituriyent sualın dəqiq cavabını bilmirsə və iki cavab variant arasında qalıbsa, ilk olaraq hansını daha doğru hesab edirsə, əksər hallarda elə o cavab doğru çıxır.

10. Çətin sual sizi depressiyaya salımasın
Hər bir abituriyentin həll edə bilmədiyi testlər vardır. Ona görə də bir və ya iki sualı həll edə bilmirsinizsə, dərhal həyəcanlanmayın, növbəti suallara keçin. İkincisi, unutmayın ki, ən çətin test də, ən asan test də eyni bal verir. Ona görə də çətin bir testə çox vaxt sərf etməyin, asanları həll edin./big
 
 
İcmal.Az

RƏYLƏR