Kişilərlə pulsuz yatan, doğma oğlunu özünə aşiq edən “fahişələr kraliçası” ləqəbli rahibə - FOTOLAR

OXUNUB: 67 MARAQLI

Deyirlər, gözəl qadınların ağlı olmur, amma nadir gözəllərin nadir ağlı da olur. Nəinki gəncliyində, hətta 90 yaşında belə gözəlliyini itirməmiş, gənc oğlanların bir baxışda dəli-divanə olduğu qadın – Ninon adı ilə tanınan Anna de Lanklo XVII əsrin ən tanınmış kurtizanlarındandır. Amma təkcə kurtizanlığı və gözəlliyi ilə ad qazanmayıb, Ninon həm də xeyriyyəçi və yazıçı olub.

Dövrünün ən nüfuzlu qadını haqqında araşdırma aparıb:

Ninon yüksək cəmiyyət arasında "Fahişələr kraliçası” adlanırdı. Amma maraqlıdır ki, o, həyatında olan saysız-hesabsız kişidən bir qəpik də almayıb. Əksinə, özü imkansız, amma istedadlı gənclərə dəstək olub. Məsələn, sonralar dünya şöhrəti qazanmış Volterə cavanlığında kitablarını çap etdirsin deyə 2 min frank verib. Hətta belə deyirlər ki, zadəgan, kardinal Rişelye ona bir gecə üçün 50 min frank vermək istəyib, amma kurtizanka puldan imtina edərək gecəni kardinalla pulsuz keçirib.

Bəs bu qədər pul Ninonda haradan idi? İş burasındadır ki, Ninon zəngin aliədə doğulmuşdu. Onun atası filosof Henrix de Lanklo olub. Zadəgan atası və qatı xristian olan anası Ninon hələ 16 yaşındaykən dünyasını dəyişəndə var-dövlət bu tək övlada qalıb. O da pulları daşınmaz əmlaka yatıraraq, aylıq və illik çox böyük gəlir əldə edirmiş. Olduqca ağıllı, savadlı, hələ gənckən poliqlot olan bu qızı müəllimləri "Dünyanın səkkizinci möcüzəsi” adlandırırdılar. Mütəfəkkir atasından ona keçən müdriklik, anasından ötürülən səbir, insanlığa sevgi və xeyirxahlıq Ninonun ömür boyu bəzəyi olub.

Maraqlıdır ki, anası Ninonun rahibə olmasını istəyirmiş. Anasının ölümündən sonra monastıra yerləşib, amma bir ildən sonra içində baş qaldıran duyğuların öhdəsindən gələ bilmədiyi üçün oranı tərk edib. Sonrakı "karyerası”nı göz önünə gətirəndə onun niyə rahibəliyi seçmədiyi aydın olur. Lakin rahibəlik qadının izini buraxmayıb. Əhli-kef həyat tərzinə görə qadınlara, xüsusən də gənc qızlara örnək göstərilmədiyi üçün monastıra zorla sürgün olunub. Burada digər qadınların qisas amili də vardı. Çoxları onu aradan götürmək istəyirdi. Bu üzdən XIII Lüdovikin xanımı, kraliça Avstriyalı Anna onu monastıra həbs etdirir. Qısa müddət sonra İsveçin keçmiş kraliçası Kristina Mazarinidən (dini-siyasi xadim. Fransanın ilk baş naziri) onun azad edilməsinə nail olub. Bəlkə də qadın qısqanclığı Ninonu ilhama gətirib ki, sonralar "Ədəbazın qisası” adlı əsər də yazıb. Qisasın nədən ibarət olduğu bəlli deyil. Amma Ninonun hansısa qadınla aşkar düşmənçiliyi olmayıb. Hətta tezliklə ölkənin ən öndə olan xanımları ilə dostluq da edib, məsələn, XIV Lüdovikin baş məşuqəsi madam de Mentenonun yaxın rəfiqəsi imiş.

İlk monastır həyatından sonra Parisə yerləşən gənc qız özünə ədəbi salon açır. Dövrünün ən tanınmış yazıçıları, kübarları, rəssamları, qrafları bu salona gələrək Ninonun gözəlliyindən zövq alır, eləcə də yeni tanışlıqlara, qızğın söhbətlərə imza atırmışlar. Bura gələn məşhur şəxslərin hamısı da Ninonun yatağından keçiblər. Bunlar arasında kardinal Rişelye, Laroşfuko, Lafonten, Orleanlı II Filipp, Şarl Perro və başqaları vardı.

Versal sarayının ən böyük memuaristlərindən olan hersoq Sen Simon (o da məşuqlardan biri olub) Ninonu belə təsvir edirdi: "O, qədd-qamətli, zil qara saçlı, iri, parlaq mavi gözlü, qar bəyazı dərisi, mirvari kimi dişləri olan bir gözəl idi. Məclislərə bir girdimi, bütün diqqəti özünə çəkərdi. Mərmər kimi üzünün gözəlliyindən, nazlı davranışlarından doymaq olmazdı”.

Yəqin elə bu səbəbdən idi ki, bir vaxtlar ona aşiq olan kişilərin sonralar oğulları, hətta nəvələri də Ninon üçün dəli olurdular. Təsəvvür edin 65-66 yaşındaykən 20 yaşlı yaşlı oğlanlar (onların babaları ilə bir vaxtlar eşqbazlıq edirdi!) onun həsrəti ilə qovrulurdular. O, hətta 80 yaşlarında da gənc kişilərin diqqətini özünə çəkə bilirdi. Gözəlliyini necə qoruduğu bəlli deyildi, hər halda sirrini də heç kimə vermirdi. Ancaq Ninonun bədəni son günlərinə qədər formada olub, üzü gözəlliyini itirməyib. Yəqin ki, sahib olduğu var-dövlətin də burada rolu vardı. Bəs ondan zəngin olan xanımlar – qrafinyalar, baronessalar, markizalar 50 yaşından qocalıq kürsüsünə oturanda bu pullar niyə köməyə gəlmirdi?! Müasirləri Ninonun gözəlliyini onun çoxsaylı seks təcrübəsi ilə əlaqələndirirdilər. Amma çoxpartnyorlu seksin qadına gözəllik deyil, xəstəlik, çirkinlik bəxş etdiyini o dövrün də, bu dövrün də insanları yaxşı bilir və qətiyyən də tövsiyə olunmur. Onda geriyə Ninonun mükəmməl xarakteri qalır – bu qadının qəzəbləndiyini, ürək qırdığını, paxıllıq çəkdiyini heç kəs görməyib. Daim insanlara əl tutub, başqalarının sevincindən xoşbəxt olub. Ən əsası bütün məşuqlarını dəlicəsinə sevib! Mümkündürmü? Yəqin elə Ninonun fərqi də mümkünsüzü mümkün etməyindədir. Deyilənə görə, o, bütün aşiqlərinə müsbət cavab verir, hamısını sevgi ilə qarşılayır, hətta qısa müddətə onlardan soyuyandan sonra da dostluğu qoruyurdu. Onun bir orduluq kişi dostları vardı. Hamısı da Ninon üçün ölümə gedərdilər. Çünki kurtizan qadın vəfasız sevgili olsa da, çox sadiq dost idi. Həm də dostlarının xəzinədarı sayılırdı. Zəngin kişilər pullarını öz evindən çox Ninona həvalə edirdilər. Hətta on ildən sonra da istəsəydilər, son qəpiyinə qədər geri ala bilərdilər. Bir sözlə, stresdən uzaq, maddi korluq çəkməyən, əhatəsində yaxşı dostları olan, həyatı sevən, hər şeydə paklıq tapan, qadınlıqdan, gözəllikdən zövq alan qadın qocalmaz!

Bununla bağlı daha bir maraqlı faktı qeyd edək: Baron Siqizmund Banyeni dostları çox dilə tuturlar ki, Ninonun salonuna gəlsin. O da hər dəfə deyirdi ki, 71 yaşlı qadınla yatacaq qədər səviyyəsiz ola bilməz. Günün birində dostları az qala sürüyə-sürüyə onu salona gətirirlər. Baron Ninonu görən kimi "bu qadının məşuqu olmalıyam”, - deyir. Elə həmin gecəni onunla birlikdə keçirəndən sonra baron and içirmiş ki, sanki gecəni 71 yaşlı deyil, tərsinə - 17 yaşlı çılğın gözəllə keçirib. Baron Banye tezliklə Ninonun ayrıldığı köhnə sevgilisi tərəfindən dueldə öldürülüb.

Lakin cavanlardan biri Ninonu dərdə sala bilmişdi. Hətta ağır dərdə, çünki bu cavan oğlan onun dost-doğmaca oğlu idi. Nikahdankənar doğulmuş oğlu Albert başqa ailədə böyüdüyündən anasını tanımırdı. Heç Ninon da bu illər ərzində oğlunu görməmişdi. Günün birində 20 yaşlı Albert 56 yaşlı anasını parkda görür və ona bir könüldən min könülə aşiq olur. Amma Ninon bu yaraşıqlı gəncin oğlu olduğunu onun atasına çox bənzərliyindən tanıyır. Alberti özündən uzaqlaşdırır, amma gənc buna dözmür: aşiq olduğu qadının doğma anası olduğunu biləndə özünü asır. Ninon bu hadisəni çox ağrılı keçirir, oğlunun ölümünə səbəb olduğuna görə özünü bağışlamır.

Yeri gəlmişkən, onun daha iki uşağı – bir qızı və oğlu da olub. Hamısı da nikahdankənar doğulmuşdu. Çünki Ninon heç vaxt ərdə olmayıb. Digər oğlunun atasının kimliyini isə heç vaxt dəqiq bilməyib. Çünki o, uşağa hamilə qalanda Ninon iki kişi ilə eyni vaxtda görüşürdü. Uşağın hansı məşuqunda qalacağını isə püşklə müəyyənləşdirmişdilər. Qızını isə təsəvvür edin, 50 yaşındaykən dünyaya gətirib. Bu qızın atası bəlli idi, həm də Ninonu çox sevirdi. Təəssüf ki, uşaq bir neçə gündən sonra ölüb. Amma deyilənə görə, o qədər gözəl uşaq imiş ki, atasının belə gözəli torpağa tapşırmağa əli gəlməyib. Onu mumiyalatdıraraq, şüşə qalpaq altında kilsədə saxlayıb.

Ninon gözəlliyi qədər həm də nadir ağla, nitqə malik imiş. O, məlahətli səsi ilə çıxış edəndə, müzakirələrə qoşulanda hamı susub onu dinləyirmiş. Ədəbiyyatdan, incəsənətdən, musiqidən yaxşı anlayan kurtizan özü də bir neçə simli alətdə ifa edə bilirdi. Ninonun aforizmləri də cəmiyyətdə dil-dil dolaşırdı. Məsələn, avtobioqrafiyası haqqında belə bir deyimi var: "Bu da mənim portretim, amma qurşağa qədər”. Təbii ki, rəsmi bioqrafiyada qurşaqdanaşağı məsələlər qeyd olunmur və xanımın eyhamı buna idi. Onun müdrikliyi kralın da diqqətini çəkirdi. O, həmişə ölkədə baş verən siyasi-ictimai məsələlərdə dərhal əyan-əşrəfindən soruşarmış: "Görəsən, madam Ninon bu barədə nə düşünür?” Ninon 80 yaşındaykən XIV Lüdovik onu saraya dəvət edir, onunla ilk dəfə üzbəüz söhbətdən sonra təəssüflənir ki, niyə belə gözəl və müdrik qadını indiyədək yanına məsləhətçi çağırmayıb. Ninon ona belə cavab verib: "Çağırsaydınız da gəlməzdim, çünki sarayda mütləq ikiüzlü, yalançı və satılıq olmalısan. Amma mən olduğum kimiyəm, indiyədək nəyim varsa könüllü vermişəm, satılmamışam”.//publika

İcmal.Az

RƏYLƏR