“Facebook” 25 yaşlı qadının ailəsini dağıtdı – Azərbaycanda

OXUNUB: 760 SOSİAL

25 yaşlı Qərənfil Hüseynova sosial şəbəkədə özünü psixoloq kimi qələmə verən şəxs tərəfindən aldadılıb və nəticədə ailəsi dağılıb.

 Hazırda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır. Q.Hüseynova başına gələnləri virtualaz-a danışıb.

"Həyat yoldaşım mənə xəyanət etdi, üstəlik, yaxın rəfiqəmlə aldatdı. Bunu öyrənəndən sonra ayrılmaq istədim, amma qayınatam, qayınanam imkan vermədi. Evdə münaqişə, söz-söhbət yarandı. Səsimi çıxaran kimi qayınatam məni döyürdü. Bir neçə dəfə intihar etmək istədim, damarlarımı doğradım. 6 ildir ailə qurmuşuq, bir övladımız var.  Mənimlə danışmırdı, ailəsi də mənə dəstək vermədi. Ətrafımda boşluq yaradı, özümə qapandım. Hətta otaqdan bayıra çıxmaq, yemək istəmirdim. Belə bir məqamda "Facebook”da psixoloq səhifəsi gördüm, onunla dost olduq. Ailəmdə yaşadığım bütün problemləri yazırdım, o da öz başına gələnləri yazırdı. Problemlərimi danışdıqca rahatlaşırdım. Sonra bir dəfə görüşdük. Onun yalan danışdığını hiss etdim. Psixoloq olmadığını biləndən sonra danışmadım. Sonra adını yalan söylədiyini bildim və bir daha mənə yazmamağını xahiş etdim. Çünki mən həyat yoldaşımdan ayrılmaq istəmirdim, sadəcə olaraq, mənimlə danışmasını, ailəsinə sahib çıxmasını istəyirdim. Bizim onunla tanışlığımız cəmi 9 gün çəkdi”.

Q.Hüseynova deyir ki, ayrılmaq qərarından sonra həmin şəxs şəxsi yazışmalarını həyat yoldaşına, dostluğumda olan bütün tanışlarına göndərib. Üstəlik, onunla münasibətdə olduğunu təsdiqləyən şəkilləri, videogörüntüləri yayacağını deyib: "Həyat yoldaşım ondan şəkilləri, görüntüləri istədikdən sonra telefonu, psixoloq kimi işlətdiyi səhifəni bağlayaraq yoxa çıxdı. Guya ki, xəstədir, xaricdə müalicə alır. Qayınatam, qayınanam, bütün yaxınlarım əxlaqsız olduğumu, həyat yoldaşıma xəyanət etdiyimi söyləyir. Hətta öz qohumlarıma belə günahsızkən günahkar vəziyyətə düşdüyümü başa sala bilmirəm. Polisə müraciət edərək onun məni aldatdığını, ailəmi dağıtdığını dedim. Amma şikayətimi qəbul etmədilər. Çarəsiz vəziyyətdəyəm”.

Çarəsiz qadın həyat yoldaşından rəsmən ayrılmadığını deyir: "Yoldaşım yazışmaları oxuduqdan sonra haqqımda yalan danışdığını bilir. Amma deyir ki, sənə inanıram, amma ətrafdakıların ağzını yuma bilmərəm. Valideynləri, qohumları məni qəbul etmək istəmir, deyirlər ki, tanımadığım adamla yazışmısam. Mən onlara günah bir iş tutmadığımı başa salmağa çalışdım, amma mənə inanmadılar. Hələlik rəsmən ayrılmamışıq, yəqin ki, yaxın günlərdə boşanacağıq”./virtual

 

RƏYLƏR